Bələdiyyə sədrləri kimlərin güdazına gedir: nəticə çıxarmağın vaxtı çatıb
Son bir neçə il ərzində həbs olunan icra başçılarının sırasında azsayda olsa da bələdiyyə sədrlərinin olmasında təəcüblü bir məqam yoxdur. Çünki bu və ya digər hallarda siyasi rəhbərlərə yaxınlığı ilə seçilən sədrlər rəhbərə “ürəkli şəkildə” sözlərini deyə bildikllərindən istənilən məsələnin “həllinə” rahatlıqla nail ola bilirdilər. İndisə diqqət siyasi rəhbərə deyil, siyasi rəhbərlərin “sağ əli” hesab olunan təsərrüfat şöbəsinə və bu şöbənin müdiri olan baş memarların fəaliyyətinə yönəlib. Məntiqlə baxanda bu addım “qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipinə tam uyğun gəlir.
Qeyd edim ki, RİH-də memarın həbsi elə siyasi rəhbərin həbsi kimi başa düşülməlidir. Əməliyyatın ard-arda iki rayonda keçirilməsi, əvvəlki illərdən keçilən dərslərdən nəticə çıxarılmadığından xəbər verir. “Məndən ötdü qardaşıma dəydi”, daha mənə heç nə olmaz deyə, düşünüblər.
***
Cəlillabad RİH-də artıq ikinci dəfə əməliyyatın keçirilməsinə isə sadəcə təəsüflənməyə bilmirəm.
Əlavə edim ki, saxlanılan bələdiyyə sədri işgüzarlığı və bacarığı ilə seçilməklə yanaşı, bələdiyyənin əvvəlki illərdə yığılıb qalmış borclarının silinməsinə, habelə rayon ərazisində ciddi layihələrin icrasına nail olmuşdu. Bundan əvvəl də Cəlillabad bələdiyyə sədrinin, ondan əvvəl isə rayon icra başçısnın həbs edilməsi və bu gün yenidən bu prosesin təkrarlanması təsadüf idimi, yoxsa hansısa zəruriətdən irəli gəlib. Nə isə mətləbdən uzaqlaşmayım.
***
Etiraf etməliyik ki, bəzi məmurlarda olan tamah, nəfs çox yüksək olduğundan özləriylə yanaşı hər dəfə həbsə bələdiyyə sədrlərini də aparırlar.
Yadınızdadırsa, ötən il ərzində ona yaxın Əmlak məsələləri Dövlət Xidmətinin yerli idarələrində aparılan əməliyyatlarda həbs olunanlar arasında bələdiyyə sədrləri da var idi. Əslində burada da təəcüblü bir şey yoxdur. Yəni vətəndaş zəbt etdiyi və yaxud almaq istədiyi torpağı sənədləşdirməklə bağlı bələdiyyəyə müraciət edir. Qanunun tələbinə uyğun olaraq bütün yazışmalar bələdiyyə tərəfindən həyata keçirilir. Və bu proses aylarla, bəzən də illərlə davam edir. Nəticədə vətəndaş bələdiyyədən narazı qalır. Bələdiyyə sədri isə açıq-aydın şəkildə prosesin kimlər tərəfindən məqsədli şəkildə ləngidildiyini vətəndaşa izah verə bilmir. Çünki bir kimsəni “baqaja” qoymaq istəmir. Bəzən isə narazı vətəndaş yuxarı instansıyalara müraciət edərək prosesə nöqtə qoymaq istəyir.
Bəziləri isə məcburiyyət qarışısında qalıb sövdələşməyə gedir. Yəni Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları prosesə öz mənitqləriylə yanaşdıqlarından həm vətəndaş, həm də bələdiyyə sədri prosesi sürətləndirmək qərarına gəlir və bunun üçün ondan tələb edilən şərtlərə razılıq vermək məcburiyyətində qalır.
Sədr bələdiyyə büdcəsinə maliyyə vəsaitinin daxil olmasına çalışmalı, ona RİH-dən verilən “tövsiyələrin” icrasını layiqincə yerinə yetirməlidir. Bunun üçün isə büdcədə vəsait olmalıdır. Ən böyük məbləğdə vəsait isə torpaq satışından əldə olunur. Bu prosesə isə müvafiq orqanın müvafiq qurumunda çalışanların tamahı imkan vermir. Nəticədə keçirilən əməliyyat zamanı kiminsə “dəftərində” bələdiyyə sədrinin adı çıxır. Proses bu cür acı sonluqla baş çatır. Nəticədə “it də gedir, ipdə”.
Bəs günahkar kimdir? Belə vəziyyətdə bələdiyyə sədrlərinin kimlərin güdazına getmələri də aydın görünür.
***
Hər halda RİH-lərdə əməliyyatlarının aparılması və belə bir məqamda saxlanılanların olması bütün hallarda icra strukturlarına olan etimadı şübhə altına alır. Belə düşünmək olar bu proses həmdə cənab Prezidentin də söylədiyi kimi icra strukturlarında islahatların aparılmasını həm də zəruri edir.
Vüqar Tofiqli
Rəylər
0 Rəy